Nəriman Nərimanov 1870-1925


Ona ulu babası Nərimanın adını vermişlər. Nərimanovun böyük qardaşı Salman Nərimanov xatirə dəftərində yazırdı ki, ulu babamız Nəriman XVII əsrdə Kaxetiya valisi I İraklinin sarayında “sabitqədəm” eşikğası olmuşdur.

Kərbəlayı Nəcəfin atası Allahverdi bəy XIX əsrdə Zaqafqaziyada tanınmış musiqi xadimlərindən idi. Şərq musiqi alətlərində ustalıqla ifa edirdi. Allahverdi bəy Azərbaycan, gürcü mahnılarını məharətlə oxuyardu. O, gürcü şairi Nikolos Barataşvilinin atası ilə dost, Aleksandr Çavçavadze və Qriqol Orbeliani ilə şəxsən tanış idi. Şair Qriqol Orbeliani Allahverdi bəyin bütün Gürcüstanda məşhur tarzən olduğunu öz müxəmməsində qeyd etmişdir.Şahzadə İohan isə “Kalmasoba” dastanında şah İohan Xelaşvilinin Gürcüstanda Şulaver kəndində şahanə bir məclisdə məşhur tarzən-xanəndə Allahverdi bəylə görüşdüyünü məhəbbətlə qələmə almışdır. Şah İohan Allahverdi bəyin məlahətli səsinə və məlahətlə tar çalmasına heyran qalmışdır. II İrakli Allahverdi bəyin bu xidmətlərini yüksək qiymətləndirmiş və ona bəyzadəlik mənsəbi vermişdir. Allahverdi bəy Tif lisin ən uca və görkəmli yerində, Kürün sağ sahilindəki dağın döşündə özünə xüsusi zövqlə ikimərtəbəli ev tikdirmiş və ömrünün axırına kimi bu mülkdə yaşamışdır. (Hal-hazırda həmin ev aparılan rekonstruksiya işləri ilə əlaqədar uçurulmuş, Allahverdi bəyə məxsus sandıq, xəncər, qədim kitablar, sənədlər və digər əşyalar isə yoxa çıxmışdır.)

Sonralar bu ata-baba mülkü Kərbəlayı Nəcəfə qalmışdır. Kərbəlayı Nəcəf tiflisli Hacı Məhəmmədqasım Zamanovun qızı Həlimə xanım ilə evlənmiş və onların doqquz övladı olmuşdur: Salman, Mərziyə, Rza, Rizvan, Fatma, Səkinə, Rizvan (ölən uşağın adı verilib), Nəriman, Zöhrabanu.

Hələ kiçik yaşlarından ağıllı davranışı, iti zəkası ilə diqqəti cəlb edən Nəriman böyük qardaşı Salmanın və əmisi Əlimirzənin köməyi ilə ərəb və rus dillərinin əlifbasını öyrənir.1879-cu ildə o, Tiflis ruhani məktəbinə daxil olur. İlk təhsilini müvəffəqiyyətlə başa çatdırdıqdan sonra 1885-ci ildə Nərimanı Qori şəhərində Zaqafqaziya müəllimlər seminariyasına qəbul edirlər. Seminariya illərində o, A.O.Çernyayevski, M.İ.Novopasski, V.Axundzadə kimi tələbkar müəllimlərdən dərs alır, ədəbiyyatla ciddi maraqlanır, Azərbaycan, rus və Qərbi Avropanın məşhur şair və ədiblərinin yaradıcılığı ilə tanış olur.

1890-cı ildə Qori seminariyasını bitirən N.Nərimanov Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim təyin edilir. Kənd müəllimliyi N.Nərimanova çox şey öyrədir, Azərbaycan kəndlisinin maddi və mənəvi vəziyyəti haqqında təsəvvürünü daha da genişləndirir. Kəndi geridə qoyan səbəblər haqqında çox düşünən Nərimanov hələ seminariyada oxuyarkən yazmağa başladığı “Nadanlıq” dramının qalan iki pərdəsini də yazıb qurtarır.

1891-ci ildə N.Nərimanov Bakıya gəlir və 1902-ci ilədək burada geniş miqyaslı mədəni-maarif və ədəbi-siyasi fəaliyyət göstərir. O əvvəlcə A.İ.Pobedonostsevin şəxsi progimnaziyasında (5 il), sonra isə realnı məktəbdə və Bakı oğlan gimnaziyasında müəllimlik edir.

1892-ci ildə N.Nərimanov N.V.Qoqolun “Müfəttiş” əsərini azərbaycancaya tərcümə edir. Əsər 1900-cü ildə Tağıyev teatrında böyük müvəffəqiyyətlə tamaşaya qoyulur. Nərimanov əsərin həm rejissoru olur, həm də bələdiyyə rəisi rolunu özü ifa edir.

1894-cü ildə o, Azərbaycan ziyalılarının xüsusilə S.M.Qənizadənin, H.Mahmudbəyovun, Ə.Cəfərzadənin yaxından köməyi ilə Bakıda müsəlmanlar üçün ilk pulsuz qiraətxana açır. “Nərimanov qiraətxanası” adı ilə bütün Zaqafqaziyada məşhurlaşan qiraətxana İstanbuldan “Tərcümani-həqiqət”, “Məlamət”, “Xəzineyi-fünun”, “Maarif”, “Əxbar” qəzetlərini, Qahirədən “Əl-Nil”, Sofiyadan “İttifaq”, Təbrizdən “Nəsihət” qəzetlərini, həmçinin Tiflisdə və Peterburqda nəşr olunan bir sıra qəzet və jurnalları alırdı.

Elə həmin il “Nadanlıq” pyesi nəşr olunur, 1895-ci il yanvarın 15-də əsər ilk dəfə olaraq Bakı teatrı səhnəsində tamaşaya qoyulur. Tamaşadan əldə olunan bütün gəlir qiraətxananın inkişafına yönəldilir.

Bu dövrdə Nəriman Nərimanov ictimai və siyasi problemlərə toxunduğu “Dilin bəlası” yaxud “Şamdan bəy” (1895), “Bahadur və Sona” (1896-1908), “Nadir şah” (1899) kimi ədəbi əsərlər, sosial və mədəni məsələlərə dair publisistik məqalələr yazmış, Azərbaycan və rus dillərini müstəqil öyrənənlər üçün dərsliklər, həmçinin “Türk- Azərbaycan dilinin müxtəsər sərf nəhvi” adlı qiymətli dərs vəsaiti tərtib etmişdir.

Nərimanovun Bakıdakı həmin dövr ədəbi-publisistik fəaliyyəti siyasi-maarifçi məzmun daşımış, ictimai problemləri diqqətdə saxlamaqla, cəmiyyəti ətalətdən qurtarmaq, müsəlman əhalinin düşüncə tərzini irəlilətmək məqsədinə xidmət etmişdir.

N.Nərimanov yüksək səfiyyəli pedaqoji fəaliyyətinə görə əvvəlcə bürünc medalla, 1900-cü il yanvarın 1-də isə üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif edilmişdir.

Həmişə ali təhsil almaq arzusunda olan Nərimanov 1902-ci ildə Bakı kişi gimnaziyasında ekstern qaydası ilə imtahan verərək kamal attestatı alır və Odessadakı Novorossiyski Universitetinin tibb fakultəsinə daxil olur. Tələbəlik dövründə o, öz əsərləri ilə həvəskar teatr tamaşalarında çıxış edir. Bir qrup tələbə ilə Baxçasaraya (Krım) gedərək, orada teatr tamaşaları verir, görüşlər keçirir, böyük türk ictimai-siyasi və maarif xadimi İsmayıl bəy Qaspralı ilə görüşür. Nərimanov bu barədə yazırdı ki, “bir-birimizin dərdindən və məqsədindən xəbərdar olduq”.

N.Nərimanov siyasi fəaliyyətə də Odessada başlamışdır. O, tələbə hərəkatında yaxından iştirak edərək liman fəhlələri arasında inqilabi iş aparmışdır. Onun 1903-cü ildə noyabrın 17-də Ümumrusiya tələbə qurultayında iştirakı çar xəfiyyələrinin diqqətini cəlb etdi. 1905-ci ildə isə o, tələbələrin böyük bir toplantısında konstitusiyalı respublika quruluşunun monarxiyadan üstünlüyü haqqında məruzə ilə çıxış etmişdir. Elə həmin il Odessada artmaqda olan ixtişaşlar nəticəsində gərgin vəziyyət yaranır və çar hökuməti Novorossiyski universitetini müvəqqəti olaraq bağlayır. Bakıya qayıtmalı olan Nərimanov sosial-demokrat “Hümmət” təşkilatına daxil olur. Həmin dövrdə o, İran inqilabçıları ilə də sıx əlaqə saxlayır və İran sosial-demokrat “İctimaiyyun-amiyyun” (“Mücahid”) partiyasını yaradanlardan biri olur. 1906-cı ildə N.Nərimanov RSDFP-nin proqramını Azərbaycan dilinə tərcümə edir. Həmin dövrdə çox gərgin çalışan Nərimanov “Nicat” mədəni-maarif cəmiyyətində sədr müavini vəzifəsində çalışır. 1906-cı ildən başlayaraq Nərimanovun mətbuatda çıxışları mədəniyyət, maarifçilik problemləri ilə yanaşı açıq siyasi məzmun daşıyır və o “İrşad”, “Həyat” və başqa qəzetlərdə “Həftə fəryadı”, “Cümə söhbətləri” və “Dövlət işləri” başlıqları altında silsilə məqalələr dərc etdirir.

1906-cı ildə Bakıda Zaqafqaziya müsəlman müəllimlərinin birinci qurultayı çağırılır. Qurultayın rəhbərlərindən olan, təsis komissiyasına rəhbərlik edən Nərimanov qurultayın işində fəal iştirak edir, Azərbaycan dilinin öyrənilməsi, saflığı, dilin təlim üslubu uğrunda mübarizə məsələsini qurultayda yenidən və daha kəskin bir şəkildə irəli sürür. Bu məsələlər haqqında mətbuatda “Dil məsələsi” məqaləsini çap etdirir. Həmin problemlərlə bağlı Nərimanovun qətiyyətli mövqeyi qurultayda onunla Hacı Zeynalabdin Tağıyev arasında münaqişəyə səbəb olur.

1906-ci ildə Nərimanov təhsilini başa vurmaq üçün yenidən Odessaya qayıdır. 1907-1908-ci illərdə onun “Nadir şah” faciəsi Volqaboyu, Türküstan, Cənubi Qafqaz şəhərlərində və Tehranda tamaşaya qoyulur.

1908-ci ildə universiteti bitirib Bakıya dönən Nərimanov şəhər xəstəxanasında işləyir. 1909-cu ilin əvvəllərində isə o, Tiflisə köçüb xüsusi müalicəxana açır, həm də inqilabi fəaliyyətini davam etdirir. İnqilabi fəaliyyətinə, xüsusən İran inqilabçıları ilə yaxın əlaqəsinə görə 1909-cu ilin mart ayında həbs olunub 7 ay Tiflisin Metex həbsxanasında saxlanılır. Zaqafqaziyanın demokratik ictimaiyyətinin etirazına baxmayaraq çar hakim dairələrinin tələbi ilə N.Nərimanov himayəsində yaşayan qardaşı Salmanın dörd uşağı və bacısı uşaqları ilə birlikdə 1909-cu il sentyabrın 30-da Həştərxana sürgün edildi. (Salman Nərimanov Qafqazda ilk milli mürəttiblərdən biri,“Nabor korifeyi” kimi tanınmışdır. Ədəbiyyat və publisistika həvəskarı idi, əsərlərini “Səyyarə” təxəllüsü ilə yazırdı. 1907-ci ildə Salman Nərimanov uzun sürən xəstəlikdən sonra 60 yaşında vəfat edir. Bu münasibətlə “Kaspi” qəzetinin dərc etdiyi nekroloqda deyilirdi: “Müsəlmanlar ustad bir mürəttibi itirdilər. Bakıda, bəlkə də Qafqazda ondan yaxşı mürəttib yox idi.”

Bir il sonra , yəni 1908-ci ildə onun həyat yoldaşı Səltənət xanım da vəfat edir. Dörd uşaq-Asya, İsmayıl, İltifat və Xanım tamamilə başsız qalırlar. Qeyd etmək lazımdır ki, 1905-ci il hadisələri zamanı Tiflisdə ailə başçılarını itirmiş Səkinə Zamanova və Mərziyə Zeynalova da öz yetim qalmış uşaqları ilə Bakıya köçüb Salman Nərimanovun himayəsində yaşayırdılar. 1908-ci ildə həkim diplomu ilə Bakıya qayıdan Nərimanov da bu böyük ailənin qayğısını öz üzərinə götürmüşdü.

Həştərxanda olarkən Salmanın 16 yaşlı oğlu İsmayıl ağır xəstələnərək vəfat edir. Nərimanov onu Tiflisdə, ya da Bakıda dəfn etmək üçün icazə istəsə də hakim dairələr buna razılıq vermirlər. İsmayıl Həştərxanda tatar qəbiristanlığında dəfn edilir.)

Həştərxanda olduğu müddətdə Nəriman Nərimanov Qafqaz ilə əlaqəni kəsməmiş, ictimai-siyasi fəaliyyətini davam etdirmiş, yeli mətbuatla fəal əməkdaşlıq etmiş, həkimliklə məşğul olmuşdur. Həştərxan Xalq Universitetinin sədri, Həştərxan şəhər dumasının üzvü seçilmişdir. Onun Həştərxandakı fəaliyyətinin sədası Avropaya çatmışdı. “Paris” qəzetində (Fransa) verilən məlumatda deyilirdi ki, “Həştərxan, Kazan və Ufa şəhərlərində mətbuat vasitəsilə müsəlman millətçiliyi qızğın təbliğ edilir. Bu işdə “Xalq Universitetləri Cəmiyyəti”nin sədri N.Nərimanov görkəmli rol oynayır. Həştərxan quberniyasında yaşayan müsəlman əhalisi arasında onun təbliğatı böyük uğur qazanmışdır”.

1913-cü ilin iyulunda Bakıya qayıdan N.Nərimanov Qara şəhər xəstəxanasında həkimlik etməklə bərabər bədii, siyasi-ictimai fəaliyyətini davam etdirir. O, ictimai cəmiyyətlərin, ədəbi dərnəklərin və xalq evlərinin leqal imkanlarından məharətlə istifadə edirdi. Nərimanov “Nicat” cəmiyyətinin maarif bölməsinin sədri seçilmiş, “Tənqid” gecələri ədəbi dərnəyini yaratmış, “Ədəb yurdu”, “Xalq evi”, “El yurdu”, “Qənaət” adlı təşkilat və cəmiyyətlərin fəal təşkilatçısı və siyasi mühazirəçilərindən biri kimi fəaliyyət göstərmişdir.

1913-1915-ci illərdə Nərimanov “Pir” povestini, “Bir kəndin sərgüzəşti”, yaxud “Əmi” hekayəsini yazır, “Bahadır və Sona” əsərini səhnələşdirir, rus ədibi Q.Q.Genin “Edam” dramını Azərbaycan dilinə tərcümə edir, həmçinin “Bəsirət”, “Tərəqqi”, “İqbal”, “Yeni iqbal” qəzetlərində məqalələrlə çıxışlar edir.

1914-cü ildə 44 yaşında ikən o, evlənməyi qərara alır. Onun gec ailə qurmasının səbəbini Abdulla Şaiq özünün “Xatirələrim” əsərində belə izah edir: “N.Nərimanov ailəsinə və qohum-qardaşına olduqca bağlı, qəlbi geniş, dostluqda sadiq və xeyirxah insane idi. Hələ evlənməmiş olduğu halda böyük bir ailə sahibi idi. Qoca anasını, xalasını, iki dul bacısı və onların uşaqlarını, qardaşı uşaqlarını öz himayəsi altına almışdı. Gəncliyinin bütün zövq və nəşəsini yalnız onlara fəda edərək , bacısı və qardaşı uşaqlarını oxudub bir yana çıxartmaq istəyirdi.”

1915- ci ildə Nərimanov Şamaxının varlı tacirlərindən biri olan Mir Kazım Əliyevin qızı Gülsüm xanımla evlənir.

1917-ci il martın 2-də “Hümmət” təşkilatının fövqəladə konfransında N.Nərimanov Müvəqqəti Komitənin, iyunda “Hümmət” təşkilatı komitəsinin sədri və RSDF(b)P Bakı komitəsinin üzvü seçilir.

1917-ci il martın 27-də Ə.Topçubaşov, F.Xoyski, Ə.Əmircanovla birlikdə Nərimanov da Bakıda müsəlmanların işinə rəhbərlik etmək üçün seçilmiş büronun tərkibinə daxil edildi. 1917-ci ilin aprelində isə Qafqaz müsəlmanlarının Bakıda keçirilən I qurultayında Ə.Topçubaşov, F.Xoyski, N.Yusifbəyov və M.Hacınski ilə birlikdə rəyasət heyətinə seçilmiş və çıxış etmişdir.


Həmin dövrdə qızğın ictimai-siyasi fəaliyyət göstərən Nərimanov 1917-ci ilin iyulunda RSDF(b)P Bakı Komitəsindən partiyalararası Məlumat Bürosu müşavirəsinə nümayəndə seçilmiş, noyabrda isə Müəssislər Məclisinə namizəd göstərilmişdir.

N.Nərimanov I Dünya Müharibəsi illərində əsir alınaraq Bakıda -Nargin adasında saxlanan türk əsirlərinə qayğı göstərmişdir. Onların ağır və dəhşətli vəziyyəti haqqında dəfələrlə mətbuatda və Şəhər Dumasında çıxış etmiş, yardım etməyə çağıran müraciətlərlə onların vəziyyətlərinin yaxşılaşmasına nail olmuşdur. Sonralar Nərimanov türk əsirləri adından Hafiz Feyzulla və Mustafa Həmdini tərəfindən imzalanmış “təşəkkür məktubu” almışdır (“Hümmət” qəzeti, 31 mart 1918, № 378). Nərimanov Həştərxanda fəaliyyət göstərdiyi dövrdə orada yaşayan türk əsirlərinin I qurultayını keçirmişdir.

Bolşeviklər 1917-ci ilin payızında Bakıda hakimiyyəti ələ keçirdiyi dövrdən N.Nərimanov müsəlman milli qüvvələrinə qarşı sərt tədbirlərin qarşısını almağa çalışmışdır. O, həmişə milli marağı üstün tutaraq özünü hakimiyyətə gəlməkdə maraqlı olan siyasi partiyanın nümayəndəsindən daha çox ictimai xadim kimi aparmışdır. 1918-ci ilin əvvəlində müsəlman diviziyasının başçısı general Talışınski Nərimanovun təkidi ilə azad olunmuş, martda Nərimanovun təşəbbüsü ilə bolşeviklərlə musavatçılar arasında danışıqlar aparılmış, qarşıdurmanın aradan qaldırılması yönündə razılıq əldə edilsə də, sinfi mübarizə adı altında milli qırğın törədilmiş, bolşevik və daşnak hərbi qüvvələri tərəfindən müsəlmanların amansız soyqırımı həyata keçirilmişdir. Nərimanov müsəlmanlara qarşı törədilən qətl-qarəti dayandırmaq üçün S.Şaumyana və P.Çaparidzeyə məktubla müraciət etmiş, nəticədə müsəlman sosialistləri ilə Şaumyan və Çaparidzenin birgə müzakirəsi keçirilmişdir. 1918-ci il martın axırlarında yaradılmış Bakı şəhəri və rayonlarının İnqilabi Müdafiə Komitəsinin üzvü olan Nərimanov erməni milli hissələrinin ləğv edilməsi haqqında Komitənin göstərişini imzalamışdır.

1918-ci il aprelin 25-də Nəriman Nərimanov şəhər təsərrüfatı komissarı kimi Bakı Xalq Komissarları Sovetinin tərkibinə daxil edildi. O, şəhərin sanitar vəziyyəti ilə bağlı tədbirlər görmüş, onun təklifi və imzası ilə BXKS-nin kağız pul nişanları buraxılmışdır. Nərimanov 1918-ci ilin mayında Bakı qəza kəndli deputatları sovetlərinin I qurultayının təşkilatçılarndan biri idi. İyunda ağır xəstələnərək RSDF(b)P Bakı Komitəsinin qərarı ilə müalicə üçün Həştərxana göndərilmişdir.

Bakıda Sovet hakimiyyətinin yeritdiyi siyasəti və bu siyasətin törətdiyi fəsadları rəsmi şəkildə ifşa etmişdir. Sosialist ideyalarına səmimi surətdə inanan Nərimanov Qafqazda Sovet hakimiyyətinin qurulmasına çalışmışdır. Bu prosesi isə sinfi qırğın, vətəndaş müharibəsi, silahlı mübarizə yolu ilə deyil, yerli əhalinin milli tarixi təfəkkürünü, sosial-məişət ənənəsini, mənəvi təlabatını, psixologiyasını nəzərə almaqla siyasi mübarizə vasitəsi kimi qəbul edirdi. Həştərxanda siyasi qurumların tərkibinə seçilən Nərimanov Qafqazdakı siyasi vəziyyətə dair məruzələrlə çıxış edir, quberniya partiya təşkilatında ciddi fəaliyyət göstərirdi. O, RK(b)P Həştərxan təşkilatı müsəlman bölməsinin komitə üzvü, “Hümmət” Qafqaz müsəlman kommunist partiyasının Mərkəzi Bürosunun sədri, həmçinin Həştərxan icraiyyə komitəsi maarif şöbəsinin müdiri olmuşdur. 1919-cu ilin yanvarında Nərimanov Həştərxanda Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissarlığın sədri seçilmişdir.

Nərimanovun “Qafqazın fəthinə baxış” məruzəsi və “Biz Qafqaza hansı şüarla gedirik?” məqaləsi Qafqazda bolşevik kursunun proqram məzmunlu kütləvi təbliğat xarakterli sənədləri idi.

O, 1919-cu il avqustun 10-da Moskvada çağırılan milli azlıqların müşavirəsinə nümayəndə seçilmişdir. 1919-cu ilin iyulunda RK(b)P MK-nın çağırışı ilə Həştərxandan Moskvaya gələn Nərimanov RSFSR Xalq Xarici İşlər Komissarlığı Yaxın Şərq şöbəsinin müdiri təyin edilmiş, bir müddət həm də RSFSR Xalq milli işlər komissarının müavini işləmişdir. Həmin dövrdə Nərimanov V.İ.Leninlə tez-tez görüşmüş, Rusiyanın xarici siyasətində düzgün yöndə Şərqin xüsusiyyətlərini nəzərə almağı tövsiyyə etmişdir.

1919-cu il noyabrın 27-də Şərq xalqları kommunist təşkilatının II Ümumrusiya qurultayında çıxış etmişdir. 1920-ci ilin fevralında AK(b)P yaradıldı və Nərimanov onun Bakıda gizli şəkildə keçirilən I qurultayının fəxri sədri seçildi. Şərq barəsində başlıca məsələlər haqqında Nərimanovun mülahizələrinə böyük önəm verən Lenin 1920-ci il martın 27-si ərəfəsində Bakının, Azərbaycanın vəziyyəti Sovet Rusiyasının Cənubi Qafqaz milli hökumətlərinə münasibəti barədə Nərimanovla söhbət etmişdir. Nərimanov RK(b)P MK-nın qərarı ilə Şimali Qafqazda Sovet Hakimiyyətini bərpa etmək üçün aprelin 8-də yaradılmış Büronun üzvü idi. Leninin göstərişi ilə Qafqaza yola düşən Nərimanova Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissar vəzifəsi tapşırılmışdı. Aprelin 27-də Nərimanov qiyabi olaraq Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin, sonra isə Azərbaycan SSR XKS-nin sədri seçildi.


Nərimanov ayın 16-da Bakıda təntənə ilə qarşılansa da “Azərbaycanın başdan-başa qarət edirlər, sağa və sola güllələyirlər” sözləri ilə məlumatlandırılmışdır. Onun gəlişi ərəfəsində Q.Orconikidze və S.Kirov V.İ.Leninə teleqram göndərərək, “bütün Qafqaz və daha geniş ərazi üçün səlahiyyət” istəmiş, həm də “Nərimanova belə səlahiyyət verməməyi” tövsiyyə etmişdilər.

Nərimanovun gəlişi ərəfəsində Naxçıvan qəzasından başqa, demək olar, bütün Azərbaycanda Sovet Hakimiyyəti qurulmuşdu. Onun baş verən haqsızlığa qarşı mübarizə ilə başlanan fəaliyyəti “milli təmayülçülük” siyasəti, sonralar isə “nərimanovçuluq” adlandırılmışdır. Nərimanov Azərbaycan xalqının milli mədəni tərəqqisinə, din problemlərinə, Azərbaycan dilinə dövlət statusu verilməsinə, milli ziyalılara və təhsilə xüsusi diqqət yetirmiş, milli dövlət quruculuğunun tərkib hissəsi kimi baxmış, milli adət- ənənələri qorumuş, elm, maarif və mədəniyyətin inkişafına qayğı göstərmişdir.Onun bu fəaliyyəti birmənalı qarşılanmamış, əleyhinə geniş kompaniya aparılmışdır. Nərimanov hakimiyyətə gələrkən Azərbaycan artıq İrəvan və Dərbənd ərazisini itirmiş, Zaqatala, Zəngəzur, Naxçıvan, Qarabağ və Bakının taleyi isə mürəkkəb olaraq qalırdı. Nərimanovun Azərbaycanın ərazi bütövlüyünü qorumaq uğrunda fəaliyyəti nəticəsində Naxçıvan, Qarabağ, Zaqatala Azərbaycanın tərkibində saxlanılmış, Bakı Azərbaycanın paytaxtı kimi tanınmışdır. O, Naxçıvanın Azərbaycandan təcrid olunmaması üçün Mehridən yol verilməsi uğrunda ardıcıl mübarizə aparmış, Zəngəzurun isə Azərbaycandan ayrılmasının qarşısını təkbaşına almaq iqtidarında olmamışdır. Azərbaycanı Sovet Rusiyasının müttəfiqi, müstəqil bir respublika kimi görən Nərimanov qarşılıqlı etimad əsasında mərkəzlə Azərbaycan arasında siyasi və iqtisadi hüquqların bölgüsü, Bakının milli simasının ifrat şəkildə pozulmasının qarşısının alınması, milli və dini ənənələrin qorunması uğrunda ardıcıl mübarizə aparmışdır. Mərkəzin qərəzli münasibətini, ruslara xüsusi imtiyazların verilməsini pisləyərək, «kommunist cildinə girmiş daşnakların» məkrli fəaliyyətini ifşa etmişdir. O, Azərbaycan nümayəndəsinin bilavasitə iştirakı olmadan mərkəzdə Azərbaycana aid heç bir məsələnin müzakirə edilməməsini, hər hansı mərkəzi strukturda Azərbaycanın tam səlahiyyətli nümayəndəsinin təmsil olunmasını, neft istehsalına və satışına Azərbaycan hökumətinin nəzarətinin artırılmasını tələb etmişdir. Milli ordunun, aviasiyanın, nəqliyyat sisteminin yaradılmasına diqqət yetirmiş, Bakı-Culfa dəmiryolunun, Bakı-Tiflis-Batum neft kəmərinin çəkilməsini başa çatdırmışdır.

Nərimanov Şərq xalqlarının imperializm əsarətindən xilasını öz mübarizəsinin başlıca amalı saymışdır. 1920-ci ilin sentyabrında Kommunist İnternasionalı İcraiyyə Komitəsi (KİİK) tərəfindən Bakıda çağırılan Şərq xalqlarının 1-ci qurultayının hazırlanması və keçirilməsində fəal iştirak etmiş, KİİK yanında təşkil olunmuş «Şərq Xalqlarının Təbliğat və Fəaliyət Şurası»na daxil olmuşdu.

Nərimanov Sovet hökumətini Şərq siyasətini düzgün anlamamaqda ittiham edirdi. Sovet dövlətinin Şərq ölkələrində sovet quruluşu bərqərar etmək cəhdlərini tənqid edir, «İranda kommunist inqilabını inkişaf etdirmək» tərəfdarlarının tezliklə iflasa uğrayacağını əvvəlcədən bildirirdi. O, Rusiyanın Türkiyə siyasətinə müsbət yön vermişdir. Türkiyədən Moskvaya göndərilən nümayəndə heyətlərinin hamısı Bakıda Nərimanovla məsləhətləşmədən sonra oraya gedirdilər. Bakıdakı Britaniya hərbi əsirlərini Malta sürgünləri olan türk-kamalçıları, həmçinin Cənub-Qərbi Qafqaz Cümhuriyyəti hökumət üzvlərinə dəyişmək məsələsində Nərimanovun təkidli mövqeyi olmuşdur. Nərimanov Türkiyənin milli azadlıq savaşında qələbələrini alqışlamış, əlindən gələn yardımı göstərmişdir. Türkiyə rəsmiləri və mətbuatı onun bu fəaliyyətini yüksək qiymətləndirmişlər. Türkiyə Böyük Millət Məclisi (TBMM) Nərimanova fəxri qılınc vermək məqsədilə Azərbaycana xüsusi heyət göndərmək haqqında qərar qəbul etmişdi. Qars müqaviləsinin (1921) bağlanması və ratifikasiya edilməsində Nərimanov xüsusi rol oynamışdır.Sovet Rusiyasının iddialarına qarşı çıxmış, Azərbaycanda baş verən inqilabi proseslərə digər bolşeviklərdən fərqli münasibət bəsləmişdir. Bu səbəbdən də AK(b)P-nin 2-ci qurultayında (1920, oktyabr) ifrat bolşeviklər tərəfindən kəskin tənqid olunmuşdur. Nərimanov noyabrın 9-da yenidən Azərbaycan İnqilab Komitəsinin sədri təsdiq edilsə də, İnqilab Komitəsinə, həmçinin təbliğat və fəaliyyət şurasına ümumi siyasi rəhbərlik Q.Orconikidzeyə tapşırılmışdır.

1921-ci ilin mayında 1-ci Ümumazərbaycan Sovetlər qurultayını, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin ilk iclasını açmış və sessiya, Nərimanov başda olmaqla, Azərbaycan SSR hökumətini təşkil etmişdir. 1921-ci ildə Azərbaycan rəhbərliyində ona qarşı ixtilaflar güclənmişdir. Yaranmış şəraitdə mövqeyini qorumaq, siyasi fəaliyyət xəttinə dəstək almaq üçün mərkəzi orqanlara, partiya rəhbərliyinə müraciət etmiş, əks halda, istefa verəcəyini bildirmişdir. Nərimanovun yüksək statusla rəhbər vəzifələrə təyinatı ilə müxalif qüvvələr onu Azərbaycandan uzaqlaşdırmağa nail oldular. 1922-ci ilin martında Nərimanov Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) İttifaq Sovetinin sədrlərindən biri oldu. O, Zaqafqaziya partiya təşkilatlarının 1-ci qurultayında (1922, fevral) RK(b)P Qafqaz Ölkə Komitəsinin, iyunda isə Zaqafqaziya Ölkə Komitəsi Rəyasət Heyətinin üzvü, RK(b)P 12-13-cü qurultaylarında MK üzvlüyünə namizəd seçilmiş, Sovet nümayəndə heyətinin üzvü kimi Genuya konfransında (1922) iştirak etmişdir. SSRİ-nin 1-ci Sovetlər Qurultayında (1922, dekabr) yaradılmış MİK-in ilk sessiyasında ZSFSR-dən SSRİ MİK sədri seçilmiş, SSRİ-nin ilk konstitusiyasının (1924) hazırlanmasında yaxından iştirak etmişdir. Şərqşünaslıq Elmi Cəmiyyətində və onun «Novi Vostok» jurnalında əməkdaşlıq etmişdir. Moskva Şərqşünaslıq İnstitutu uzun müddət Nərimanovun adını daşımışdır. 1925-ci ildə Nərimanovun ictimai-siyasi və elmi-ədəbi fəaliyyətinin 30 illiyi təntənə ilə qeyd olunmuşdur. Qəflətən vəfat edən Nərimanovun zəhərləndirilərək öldürülməsi fikri geniş yayılmışdır. Onun dəfn günü – martın 23-ü matəm günü elan edilmişdir. Moskvada, Qızıl Meydanda Kreml divarı yanında dəfn olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nərimanov siyasi müxalifətdə olsa da, pyesləri Azərbaycan teatrının səhnəsində oynanılmışdır. Üzeyir bəy Hacıbəyli hələ 1917-ci ildə Nərimanovu “ustad dramaturq” adlandırırdı. Türk (Azərbaycan) dilinə dair bir sıra kəsərli yazılarla çxış edən Nərimanov Azərbaycan dilində həftəlik “Təzə xəbərlər” qəzetinin, həmçinin aylıq elmi-pedaqoji “Məktəb” jurnalının nəşri barədə rəsmi müraciətlər etmişdir.

Nərimanov ZSFSR və SSRİ rəhbərliyində çalışdığı vaxtlarda da Azərbaycanda gedən prosesləri diqqətdə saxlamışdır. Azərbaycan neftinin 15%-nin respublikaya çatması, maarif və səhiyyəyə sərf edilməsi uğrunda gərgin mübarizə aparmışdır. Razılıq əldə edildikcə belə “Serebrovski mövcud qərarı lazımi surətdə yerinə yetirməmişdir”. Nərimanov Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə məktubunda yazırdı: “… Sovet respublikasında başda “kral” Serebrovski olmaqla “monarxiya” yaratmaq nəyə lazım idi, o indiyə qədər elə bilir ki, azərbaycanlıları aypara və ulduzla aldadır”. O, Azərbaycan xalqının mənafeyinə zidd idarə üsullarını mərkəz qarşısında ifşa etmiş, “Şərq məsələsi” və “Azərbaycanda vəziyyət” adlı bölmələrdən ibarət “Ucqarlarda inqilabımızın tarixinə dair” adlandırdığı iri həcmli məktub-məruzəni Mərkəzi Komitəyə, İ.Stalinə, L.Trotskiyə, K.Radekə göndərmişdir. Məruzə ilə əlaqədar Bakıya komissiya göndərilmiş, respublika partiya rəhbərliyinin Nərimanova qarşı kəskin münasibətinin təsiri ilə keçirilən yığıncaqlarda onun ünvanına qərəzli, sərt fikirlər səslənmişdir. Komissiyanın işinin yekunları RK(b)P MK Siyasi Bürosunun iclasında dinlənilmiş, Nərimanova siyasi etimad göstərilmişdir.Ona heç bir partiya cəzası verilməsə də, münasibət arzuolunmaz tərzdə qalmaqda idi. Dövlətin yeritdiyi siyasətdən narazı insanların ümüd yeri olan Nərimanov SSRİ miqyasında gələn şikayətlərə baxılmasına və müvafiq tədbir görülməsinə nəzarət edirdi. Nərimanovun vəfatı ilə Azərbaycanda “milli təmayülçülük” hərəkatı zəifləmiş, “nərimanovçuluq” cərəyanına qarşı tədbirlər başlamışdı. 1950-ci illərin ortalarından Nərimanova “ictimai və siyasi bəraət” istiqamətli tədqiqat işləri dərc edilmişdir.

N.Nərimanovun həyat yoldaşı Gülsüm xanım 1900-cü ildə anadan olmuş, ev təhsili almışdır. Sonralar təhsilini davam etdirmiş, 1931-1935-ci illərdə Moskvada Timiryazev adına Kənd Təsərrüfatı İnstitutunu bitirmişdiir. Ömrünün son illərini Moskvada yaşamış və uşaq evlərinin müdiri vəzifəsində işləmişdir. 1953-cü ildə vəfat etmiş və Moskvada dəfn olunmuşdur.

N.Nərimanovun yeganə oğlu Nəcəf 1919-cu il dekabrın 2-də Moskvada anadan olmuşdur. 1938-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirən Nəcəf Leninqrad Takçılıq Məktəbinə daxil olur. O, sonralar Hərbi Akademiyada oxumağı arzulayırdı. Lakin 1941-ci ildə başlayan Böyük Vətən müharibəsi onun arzusunun həyata keçməsinə mane olur.

Qvardiya baş Texnik-leytenantı Nəcəf Nərimanov Stalinqrad uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə «Stalinqradın müdafiəsi uğrunda» medalı ilə təltif olunur. Onun xidmət etdiyi 2-ci mexanikləşdirilmiş qvardiya korpusu Stalinqraddan Ukrayna torpağına qədər şərəfli döyüş yolu keçir. l943-cü il sentyabr ayının 10-da Ukraynanın Volnovaxa şəhərinin və şəhər dəmiryol qovşağının düşmənlərdən azad edilməsində Nəcəf Nərimanovun tankçıları da fərqlənir. Həmin gün cəsur komandir, 24 yaşlı Nəcəf Nərimanov həlak olur. Onu Volnovaxada qardaşlıq qəbiristanlığında əsgəri ehtiramla dəfn edirlər. SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Nəcəf Nərimanov ölümündən sonra Birinci Dərəcəli Vətən müharibəsi ordeni ilə təltif olunur.

Hazırda Volnovaxa və Bakı şəhərlərində Nəcəf Nərimanovun adına məktəb və küçə vardır.