“Cümhuriyyətin yadigarlarına sahib çıxan Nəriman Nərimanov”

“Aydın yol” həftəlik ədəbi-ictimai qəzetinin bu günkü sayında (23 yanvar 2015, №03 (12) muzeyimizin fəaliyyətinə və N.Nərimanov şəxsiyyətinə həsr olunmuş məqalə dərc olunmuşdur. “Cümhuriyyətin yadigarlarına sahib çıxan Nəriman Nərimanov” adlanan məqalə qəzetin müxbiri, bu yaxınlarda muzeyimizdə olmuş Rövşən Qasımov (Danyeri) tərəfindən qələmə alınıb. Məqalə ilə tanış olun:

Cümhuriyyətin yadigarlarına sahib çıxan Nəriman Nərimanov

2015-ci ildə Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, yazıçı, publisist, həkim Nəriman Nərimanovun anadan olmasının 145 illik yubileyi qeyd olunacaq. Nəriman Nərimanov şəxsiyyətinə qiymət verilərkən, onun haqqında səsləndirilən fikirlər birmənalı olmasa da, zaman-zaman müxtəlif ittihamlarla üzləşsə də, onun adı həmişə Azərbaycanın dahi şəxsiyyətləri sırasında olub.

Nəriman Nərimanovun yubileyi ərəfəsində onun ömrünün beş ilini keçirdiyi, hazırda xatirə muzeyi kimi fəaliyyət göstərən evinə üz tutduq. İstiqlaliyyət küçəsində yerləşən binada bizi muzeyin böyük elmi işçisi Rəna Qəhrəmanova qarşıladı. Onun bələdçiliyində muzeylə yaxından tanış olduq. Ev dörd otaqdan - qonaq, yataq, tibb kabineti və Nərimanovun ictimai-siyasi fəaliyyətini əks etdirən sənəd və fotoların sərgiləndiyi otaq¬dan ibarətdir.

Rəna Qəhrəmanova muzeyin yerləşdiyi bina və küçənin tarixi barəsində geniş məlumat verdi. "Nərimanovun xatirə muzeyi 1977-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Vaxtilə tacir Babayevə məxsus olan həmin bina memar M.M. İsmayılovun layihəsi əsasında 1900-cü ildə tikilib. Bina əvvəllər iki mərtəbədən ibarət olsa da, sonradan üçüncü mərtəbə də artırılıb. N.Nərimanov 1913-18-ci illərdə bu binadakı mənzilində ailəsi ilə birlikdə yaşayıb. Mu¬zeyin yerləşdiyi küçə tariximizi özündə əks etdirir. Belə ki, bu kü-çənin adı düz dörd dəfə dəyişdirilib. Çar dövründə Nikolayevski, Cümhuriyyət elan olunduqdan sonra Parlaman, SSRİ dövründə Kommunist və müstəqillikdən sonra İstiqlaliyyət küçəsi olub. Bu binada xeyli ailə yaşayıb, muzey yaradılması nəzərdə tutulanda, həmin ailələr köçürülüb".

Söhbət zamanı, vaxtaşırı Nərimanov haqqında səslənən ziddiyyətlərə də münasibət bildirən Rəna xanım, bu hucumları doğru hesab etmədiyini bildirdi: "Nərimanov kimi şəxsiyyətlərə tarixdə heç vaxt birmənalı yanaşılmır. Onu gah göylərə qaldırır, gah da əleyhinə fikirlər səsləndirirlər. Amma obyektiv yanaşılsa, şübhəsiz ki, o, millətin böyük oğullarından biridir. Millətin rifahı uğrunda bütün həyatını qurban vermiş bir insandır. Tarix onu dəfələrlə sınağa çəksə də o, bu sınaqlardan üzüağ çıxa bilib. Onun fəaliyyətini nə qədər tənqid etsələr də, sonda məlum olub ki, Nərimanov xalqına zərər vuracaq heç bir iş görməyib. Onu bolşeviklərə qoşulmaqda, Cümhuriyyətin yıxılmasında günahlandırırlar. Bütün bunlar tarixi şəraiti nəzərə almadan, qeyri-obyektiv yanaşmalardır. Rus qoşunu imperiyanın sərhədlərini genişləndirmək üçün qonşu dövlətlərə hücum edirdi. Əgər Nərimanov olmasaydı, bizim üçün daha pis variantlar ola bilərdi. Ancaq o, böyük qırğınların qarşısını ala bildi. Rusiyada baş verən hadisələr həmin ölçüdə bizdə baş vermədi. İndi о dövrdəki şəraiti nəzərə almadan həmin dövrü ittiham etmək çох asandır".

Tanış olduğumuz birinci otaqda Nərimanovun anadan olması, Qori müəllimlər seminariyasını bitirməsi haqqında şəhadətnamələr, Qızılhacılı kənd məktəbində müəllimlik fəaliyyətindən bəhs edən materiallar yerləşdirilib. Bununla yanaşı, otaqda, ona və ailə üzvlərinə aid şəkillər də yer alıb. Rəna xanım Nərimanovun hazırladığı dərslik barəsində də məlumat verdi: "Nəriman Nərimanov metodist kimi fəaliyyət göstərib. O, Azərbaycan dilinin qrammatikası dərsliyini hazırlayıb. Bu dərslik uzun müddət məktəblərdə tədris olunub. Onun hazırladığı "rus dilini müstəqil öyrənmək istəyənlər üçün kitabça" da muzeyimizdə nümayiş olunur".

Nəriman Nərimanovun Tiflis şəhərində anadan olduğu və böyüyüb boya-başa çatdığı evin maketi də muzeydə sərgilənir. Bu ev uzun müddət qorunub-saxlansa da, sonradan təmir adı ilə uçurulub. Evin gələcək taleyi isə müəmmalıdır. Rəna Qəhrəmanova məsələnin ictimailəşməsinə ehtiyac olduğunu dedi: "Bu, Nərimanovun anadan olduğu evin maketidir. O, azərbaycanlıların yaşadığı "şeytanbazar" məhləsində dünyaya göz açıb. İki il bundan əvvəl genişləndirmə adı altında həmin evi sökdülər. Guya ətrafındakı binaların söküntüsü aparıldığı vaxtda, bina qəzalı vəziyyətə düşüb və birdən çöküb. Sonradan dedilər ki, bir az aşağıda eyni formada ev tikiləcək. Hətta orada Nərimanovun ev muzeyi də yaradılacaq. Biz də muzey olaraq bacardığımız köməkliyi göstərdik. Ancaq sonra hec bir xəbər çıxmadı".

Bakının ilk qiraətxanasını da məhz Nərimanov açıb. Bunu da ekskursiyamız zamanı öyrənirik. Rəna xanım bu qiraətxananın sorağının hətta Parisə də gedib-çıxdığını qeyd etdi: "Nərimanov Bakıda ilk milli pulsuz qiraətxana yaradıb. İstəyib ki, kitabxana yaratsin, ancaq buna icazə verməyiblər. Qiraətxanada dünyanın müxtəlif ölkələrindən gətirilmiş 40 adda qəzet və jurnal tapmaq mümkün idi. Dörd il fəaliyyət göstərən oxu zalı bu illər ərzində о qədər oxucu toplayıb ki, çar dairələri şübhəyə düşüblər. Qaspralının "Tərcüman" adlı qəzeti çıxırdı. Bu qəzetin, demək olar ki, hər sayında Nərimanovun qiraətxanasından bəhs olunurdu. Bu fəaliyyətinə görə onu üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni və gümüş medalla təltif ediblər. Buradakı rəsm əsərində də siz onun döşündə bu medalları görə bilərsiniz. Bu əsər Oqtay Sadıqzadənin son əl işlərindən biridir. Oqtay Sadıqzadə Məhəmməd Əmin Rəsulzadanin əmisi nəvəsidir. Çox zaman Nərimanovla Rəsulzadəni qarşı-qarşıya qoyurlar. Halbuki, onlar eyni yolun yolçusu olublar. "Hümmət" təşkilatını birlikdə yaradıblar, hər ikisi əvvəlcə marksist olub. Нər ikisinin məqsədi Azərbaycana xidmət olub. Sadəcə bu məqsəd üçün seçdikləri yollar sonradan fərqli olub. Onlar heç vaxt düşmən olmayıblar. Sona qədər bir-birlərinin şəxsiyyətinə hörmətlə yanaşıblar. Oqtay Sadıqzadə də Rəsulzadənin qohumu olmaqla yanaşı həmişə Nərimanov haqqında əsərlər yaradıb".

Rəna xanım Nərimanovun Azərbaycan Demokratik Respublikası ilə münasibətlərindən də bəhs etdi: "1920-ci il aprelin 28-də Bakıda Sovet hakimiyyəti qurulur. Ancaq Nərimanov mayın 18-də bura gəlir. Çünki o, Leninlə görüşüb, şərtlər irəli sürürdü ki, qırğın törədilməsin. Nərimanov Bakiya gələndən sonra göstəriş, verir ki, onun icazəsi olmadan heç kim güllələnməsin. Ona qədər bir sıra ziyalılarımız güllələnmişdi. O, növbəti qırğınların qarşısını alır. Hətta Firudin bəy Köçərlini güllələyənləri cəzalandırır. Üzeyir Hacıbəyovu güllələnmədən xilas edir, Əli Şərifi türmədən çıxartdırır, bir çох ziyalılımızı qoruyur, Mehmandarovu və Şıxlinskini öz himayəsinə götürür. Cümhuriyyət xaricə 100 tələbə göndərmişdi. Bəhram Axundov onların müvəkkili idi. ADR devriləndən sonra Nərimanov gördü ki, Bəhram Axundovu güllələmək üçün fürsət axtarırlar. Onda Bəhram Axundovu çağırır və onu yenidən müvəkkil elan edir. Ona Cümhuriyyətin miras qoyduğu yadigarlara – tələbələrə sahib çıxmağı tapşırır. Beləliklə, bu hadisədən sonra xaricdəki tələbələr maddi cəhətdən təmin olunurlar. Ancaq Narimanovun vəfatından sonra çox təəssüf ki, onların qeydinə qalan olmur. Həmin tələbələrdən bir çoxu intihar edir, bəziləri geri qayida bilmir və xaricdə səfalət içərisində yaşayır".

Buradan keçirik qonaq otağına. Öyrəndiyimizə görə burada о dövrün ziyalılarının iştirakı ilə dəfələrlə ədəbi məclislər təşkil olunub. Bununla yanaşı, Nərimanovun toyu da məhz bu otaqda olub. Divardakı şəkillərdə onun məscidlərdə xalqla görüşləri əks olunub. Rəna xanım bildirir ki, şuşalılar muzeyə baş çəkəndə Nərimanovun Şuşa məscidinin qarşısında şəkdirdiyi bu fotoya xüsusi diqqət yetirirlar. Otaqdakı əşyalar Nərimanovun ailəsinə məxsusdur. Onun şəxsi aşyası isə çох azdır. Bunu söhbət zamanı Rəna xanım deyir: "Nərimanovun həyətı səfərlərdə keçib. Ona görə, onun şəxsi əşyaları çox azdır. Ancaq biz araşdırıb, onun əşyalarını toplamağa çalışırıq. Bizdə ona aid olan papaq var. Şəkillərinin çoxunda məhz bu papaqdadır. Bu stol isə Hərbi İnqilab Komitəsində Nərimanovun kabinetində olub".

Yataq otağında Nərimanovun oğlu Nəcəflə bağlı fotoşəkillər var. Nəcəfin ölümü də atasının ölümü kimi, müəmmalı olub. O, Stalinqradın müdafiəsi uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə xüsusi medalla təltif olunub. Nəcəf Nərimanov dörd dil bilirmiş. Rəna Qəhrəmanova onun Ukraynadakı döyüşlər zamanı arxadan vurulduğunu bildirdi. Yataq otağında Nərimanova məxsus tar da nümayiş olunur. Öyrənirik ki, o, tarda if a etməyi çох sevərmiş.

Növbəti otaq isə Nəriman Nərimanovun tibb otağıdır. Rəna xanım otaqda olan aşyaların, tibbi ləvazimatların hamısının Nərimanova aid olduğunu dedi: "Bura Nərimanovun tibb otağıdır. O, xəstələri həm Qara şəhərdə müalicəxanada, həm də burada qəbul edirdi. Nəri¬manovun tibbə dair əsərləri var. Bu əsərlərdə tibb elmində və İslam dinində bir-birini tamamlayan mövzulardan bəhs olunur".

Muzey ilə tanışlığı bitirdikdən sonra Rəna Qəhrəmanovadan Nəri¬man Nərimanovun 145 illik yubileyi ilə bağlı muzeyin planları barədə soruşuruq: "İl hələ ki təzə başlayıb. Yubiley ilə bağlı hələ ki, xüsusi bir göstəriş yoxdur. Ancaq biz hər il onun doğum gününü qeyd edirik. Bu il də çalışacağiq ki, yubileyi daha təmtəraqlı şakildə qeyd edək".

Rövşən DANYERI