Türkiyənin Marmaris bölgəsindən zəng etdiyini bildirən Hüseyn bəy Erikli uzun müddət müəllim işlədiyini, hazırda təqaüddə olduğunu söylədi.
Nərimanov şəxsiyyətinə sevgi və sayğılarını bildirən Hüseyn bəy Erikli uzun illər bundan əvvəl uluslararası mötəbər bir məclisdə iştirakı ilə bağlı Bakıda olduğunu, ancaq paytaxtımızda bu dahi mütəffəkirin muzeyinin varlığından xəbərsiz olduğu üçün muzeyə gəlmədiyini və bununçün böyük təəssüf hissi keçirdiyini bildirdi.
Bu yaxınlarda Mədəniyyət kanalında muzeyimizlə və N.Nərimanovun anadan olmasının 149-cu ildönümü ilə bağlı hazırlanaraq nümayiş etdirilən “Keçmişdən gələcəyə” adlı verilişə baxarkən bizimlə əlaqə yaratmaq fikrinə düşdüyünü söylədi. Hüseyn bəy bildirdi ki, muzeyimizi Türkiyədə tanıtmaq və təbliğ etmək üçün ona lazımi materiallar gərəkdir. Odur ki, N.Nərimanovun həyat və fəaliyyətini, eləcə də muzeyimizin fəaliyyətini özündə əks etdirən müxtəlif disk, buklet və sairəni ona çatdıra bilsək, bu işi daha müvəffəqiyyətlə həyata keçirə bilər.
Onun xahişini böyük məmnuniyyətlə yerinə yetirmək üçün çalışacağımıza, lazımi materialları toplayıb Hüseyn bəyə çatdıracağımıza söz verdik. Əlaqələrimiz davam edəcək.
Muzeyimizə Türkiyədən telefon zəngi