N.Nərimanovun kitabı Türkiyədə nəşr olunub

Keçən ilin sonlarında azərbaycanlı alim, Türkiyə Qars Qafqaz Universitetinin dosenti İlkin Qulusoy facebook vasitəsilə muzeyimizə müraciət edərək yaxın zamanlarda N.Nərimanovla bağlı hər hansı tədbirin keçirilib keçirilməyəcəyi ilə maraqlanmış və hazırda Nərimanovun “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” adlı kitabının Türkiyədə çapa hazırladığını xəbər vermişdir. Həmçinin o, kitabın izahat hissəsinə əlavələr etmək istədiyini və bəzi məlumatlara ehtiyac duyduğunu bildirmişdir. Cavab olaraq əməkdaşlarımız münasib materiallar təqdim etmişlər.

Bu günlərdə isə İlkin Qulusoydan şad xəbər aldıq. Belə ki, o, kitabın artıq nəşr edildiyini bildirir və ilk fürsətdə onun nüsxələrini bizə göndərəcəyinə söz verirdi. Çox sevindiricidir ki, bu məlumat artiq kütləvi informasiya vasitələrində də yer almışdır. Onlardan birini - AZƏRTAC-ın elektron səhifəsində verilmiş xəbəri diqqətinizə çatdırırıq:

“Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” kitabı 120 ildən sonra Türkiyədə nəşr olunub

N.Nərimanovun kitabı Türkiyədə nəşr olunub


Bakı, 1 aprel, AZƏRTAC

İctimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” adlı kitabı 120 ildən sonra Türkiyədə çap olunub.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Kafkas Universitetinin çağdaş türk ləhcələri və ədəbiyyatları bölümünün dosenti həmyerlimiz İlkin Qulusoy Nəriman Nərimanovun 1899-cu ildə qələmə aldığı “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” adlı kitabını müasir Azərbaycan dili ilə müqayisəli şəkildə yenidən nəşrə hazırlayaraq çap edib. Yazılmasından 120 il keçsə də, kitab bu gün də Azərbaycan dilçilərinin istinad etdiyi və yararlandığı mənbələrdəndir.

Qeyd edək ki, kitab rus və müsəlman məktəblərində türkcə təhsil alanlar üçün yazılıb və uzun müddət bu təhsil ocaqlarında ilk dərs vəsaiti kimi tədris olunub.