“Qəhrəmanlıq tariximizdə “20 Yanvar” günü”

Dünən muzeyimizdə 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü münasibətilə “Qəhrəmanlıq tariximizdə “20 Yanvar” günü” adlı tədbir keçirildi. Tədbirdə Bakının Yasamal rayonu 53 saylı tam orta məktəbinin şagird və müəllimləri iştirak edirdilər.

Tədbiri muzeyin direktoru Kamilə Hüseynova açaraq təklif etdi ki, 1990-cı il 20 Yanvar gecəsində həlak olan qəhrəman Vətən oğul və qızlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.

Daha sonra muzeyin böyük elmi işçisi Rəna Qəhrəmanova şagirdlərə həmin gecə haqqında ətraflı məlumat verərək bildirdi ki, bu hadisə şahidlərin xatirəsində əbədilik həkk olunub. Çünki həmin gün Azərbaycanın istiqlal yolunun uca zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olmuşdur. O gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı silahlı hücumun təşkili və dəhşətli qırğının törədilməsi xalqımızın iradəsini qırmağa yönəldilmişdi. Silahsız insanlara qarşı misli görünməmiş qəddarlıq edilsə də sovet imperiyası istəyinə nail ola bilmədi. Azadlıq və suverenlik istəyində olan xalqımızın iradəsi qırılmadı və bu cinayət onu öz yolundan sapdıra bilmədi.

Məktəbin tarix müəllimi Esmiralda Zülfüqarova çıxış edərək bildirdi ki, bu gün Bakının uca və möhtəşəm məkanında – Şəhidlər Xiyabanında uyuyan mərd oğul və qızlarımızın məzarları müqəddəs and yerimizə çevrilib. Şəhidlərimiz azadlığımızın və müstəqilliyimizin simvolu kimi bundan sonra da nəsillərə bir örnək olacaq.
Sonra söz şagirdlərə verildi. Onlar 20 Yanvar gecəsi haqqında fikirlərini bildilər və mövzuya həsr olunmuş şeirlər səslənədirdilər.

Tədbirdə 20 Yanvar şəhidlərinə həsr edilmiş sərgi də nümayiş etdirildi.
“Qəhrəmanlıq tariximizdə “20 Yanvar” günü”

“Qəhrəmanlıq tariximizdə “20 Yanvar” günü”